İDMAN
Formula 1 mövsümü sonuncu dəfə Avropada nə vaxt start götürüb
Bakı, 9 aprel, AZƏRTAC
Kanada Qran-Prisinin başqa vaxta keçirilməsi haqqında bəyanat o deməkdir ki, 2020-ci il Formula 1 mövsümü Avropada start götürür. Daha heç nə ləğv olunmasa, deməli, mövsüm iyunun 28-də Fransada başlayacaq. Pol-Rikar trasındakı yürüş də ləğv edilsə, siyahıdakı növbəti mərhələlər Avstriya, Böyük Britaniya və Macarıstandadır. Bəs Formula 1 mövsümü sonuncu dəfə Avropada nə vaxt başlayıb?
AZƏRTAC "F1News.ru"ya istinadla xəbər verir ki, 1996-cı ildən çempionatı Avstraliya yürüşü açır. Lakin bu siyahıda iki istisna olub: 2006-cı və 2010-cu illərdə mövsüm Bəhreyndə başlayıb. 1960, 1970 və 1980-ci illərin ikinci yarılarında və 1990-cı illərin birinci yarısında mövsüm dörd ölkədən birində - Braziliya (1976, 83-89, 94/95), CAR (1967-71, 82, 92/93), ABŞ (1981, 90/91) və Argentinada (1972-75, 77-80) başlayıb.
Beləliklə, mövsüm sonuncu dəfə Avropada 1966-cı ildə start götürüb. Onda çempionatın birinci mərhələsi Monakoda keçirilmişdi. Knyazlıq 1956-cı, 1961-ci və 1964-cü illərdə də mövsümün birinci yürüşlərini qəbul edib.
Mövsüm Monakodan başqa Avropanın üç digər ölkəsində də başlayıb. 1962-ci ildə mövsümün birinci yürüşü - Niderland Qran-Prisi Zandfortda keçirilib. 1951-ci və 1952-ci illərdə çempionat İsveçrənin Bremqarten trasında start götürüb. İlk Formula 1 Qran-Prisini isə 1950-ci il mayın 1-13-də Britaniyanın Silverstoun şəhəri qəbul edib.