Formula 1 rəhbəri yaxın gələcəkdə 30-dək Qran-Prinin keçirilməsini mümkün sayır
AzerTAg.az
Bakı, 27 mart, AZƏRTAC
Formula 1 Rusiya Qran-Prisinin ləğvindən sonra təqvimdə müəyyən dəyişikliklər gözlənilir. Hazırda Soçidə keçirilməli olan yarışı əvəz edə biləcək Qran-prilər arasında seçim edilir.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, Formula 1 rəhbərliyi daha çox iki variant üzərində düşünür. Bunlar Portuqaliya və Türkiyə variantlarıdır. Xatırladaq ki, ötən mövsüm həm “Portimao”, həm də “İstanbul Park”da yarış təşkil edilmişdi.
Formula 1-in rəhbəri Stefano Domenikali yaxın gələcəkdəki təqvimlə bağlı planlardan danışarkən hətta 30-dək Qran-Pri təşkil edə biləcəklərini deyib: “Fikrimcə, indiki zamanda 24 yarış təşkil etmək imkanımız var. Hətta siyahı 30 Qran-Priyədək artırıla bilər. Bütün dünyada Formula 1-ə olan marağı görürük. İndiki məqamda isə doğru balansı tapmalıyıq. Hazırda Formula 1 yarışı təşkil etmək istəyənlər arasında təkcə Las-Veqas ön sırada dayanmayıb. ABŞ və Çinlə yanaşı, Afrika qitəsində də Qran-prilərə ev sahibliyi etmək istəyən ölkələr var”.
Xatırladaq ki, noyabrın 20-dək davam edəcək mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Artıq Bəhreyn Qran-Prisi geridə qalıb və bu gün Formula 1 pilotları Səudiyyə Ərəbistanının Ciddə şəhərində mübarizə aparacaqlar.
Xəbərin mətnində orfoqrafik səhv var