REGİONLAR
Formula 1 simulyator yarışlarının Qax mərhələsinin qalibi məlum olub VİDEO
Qax, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatının regionlar üzrə təlim və yarışları uğurla davam edir. Çempionatın keçirildiyi növbəti ünvan Qax şəhəri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 6-da Qax şəhərində ictimaiyyətə açıq Formula 1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfər IX-XI sinif şagirdi üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub. Azərbaycan Avtomobil Federasiyası tərəfindən keçirilən “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimin əvvəlində mövzu ilə bağlı videoçarx göstərilib. Azərbaycan Texniki Universitetinin müəllimi, Avtomobil Federasiyasının təlimçisi Sahib Əsgərov məktəblilərə yol hərəkətinin təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri məsələlər barədə ətraflı məlumat verib. Təlimin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.
Təlimçi Sahib Əsgərov müsahibəsində seminarda iştirak edən məktəblilərin gələcək həyatlarında yol hərəkəti qaydalarına həmişə əməl edəcəklərinə, öz təhlükəsizliklərini qoruyacaqlarına ümid etdiyini vurğulayıb.
Təlimdə iştirak edən məktəblilər martın 7-də Formula 1 simulyator yarışlarına qatılıblar.
Qax şəhərindəki tam orta məktəblərin 200 nəfərə yaxın yuxarı sinif şagirdinin mübarizə apardığı yarışda şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:043) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib. Qeyd edək ki, bu göstərici regionlar üzrə hələlik ən yaxşı nəticə hesab olunur. Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan Aqşin Əhmədova sertifikat təqdim edilib.
Qazandığı qələbənin sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Aqşin Əhmədov deyib: “Təlimlərin keçirildiyi gün sınaq yürüşlərində bundan da yaxşı nəticə göstərərək yarışı 1 dəqiqə 48 saniyəyə başa vurmuşdum. Bugünkü yarış bir qədər çətin oldu, güclü rəqabət var idi. Lakin qalib gələcəyimə inanırdım. Sevinirəm ki, regionlar üzrə də hələlik ən yaxşı nəticə mənə məxsusdur. Bakıda keçiriləcək final yarışında rayonumuzu yüksək səviyyədə təmsil edərək qalib gəlməyə çalışacağam”.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin əməkdaşı Rüstəm Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın bölgələrində gənclər, xüsusilə məktəblərin yuxarı sinif şagirdləri arasında Formula 1 yarışları, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığı artırmaqdır. “Bakı şəhərinin məktəbliləri Formula 1 yarışı ilə əlaqədar keçirilən tədbirlərdə yaxından iştirak edə, yarışın həyəcanını canlı izləyə bilirlər. İstəyirik ki, regionlar da bu yarış həyəcanından, festival ab-havasından kənarda qalmasın. Bu çempionat vasitəsilə region gəncləri arasında yeni vərdişlər formalaşdırmağa, avtomobil idmanına, xüsusilə də Formula 1 yarışlarına sevgi və maraq yaratmağa çalışırıq. Burada gənclər həm əylənir, həm də yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında məlumat əldə edirlər”,- deyə Rüstəm Hacıyev qeyd edib.
BŞH Əməliyyat Şirkətinin nümayəndəsi bildirib ki, 6 bölgəni əhatə edən çempionatın ilk mərhələsində hər region üzrə bir qalib seçilir. Qaliblər Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək final mərhələsində yarışacaqlar. Yarışın sonunda qalibə və final mərhələsinin digər iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunacaq.
Simulyatorda Formula 1 çempionatının regionlar üzrə növbəti ünvanı Quba olacaq.