REGİONLAR


Formula-1 simulyator yarışlarının Şirvan turunun qalibi məlum olub

Şirvan, 23 fevral, Mahir Babayev, AZƏRTAC 

Şirvan şəhərində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatı keçirilib.

Fevralın 22-də Şirvanda ictimaiyyətə açıq Formula-1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfərdən çox IX-XI sinif şagirdləri üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Gülnaz Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin məqsədi regionlarında gənclər arasında Formula-1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. “Çempionatin ilk mərhələsində hər regiondan bir qalib seçiləcək, həmin qaliblər Novruz bayramı ərəfəsində Bakı şəhərində təşkil olunacaq final turunda yarışacaqlar. Yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələrin təqdim olunacaq”, - deyə o qeyd edib.

Azərbaycan Avtomobil Federasiyasının “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimlərində məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Təlim keçmiş şagirdlər fevralın 23-də Formula-1 simulyator yarışlarına qatılıblar.

Şirvan şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin mübarizə apardığı çempionatda şəhər 18 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Gülağa Abdullayev fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə dövrə vuraraq, iştirakçılar arasında ən yüksək nəticə göstərib.

Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan G.Abdullayevə sertifikat təqdim olunub.

Əldə etdiyi qələbəyə sevinən G.Abdullayev deyib: “Yarışın qalibi olacağıma ümidim böyük idi. Çünki təlimlər zamanı etdiyim sınaq yürüşlərində yaxşı nəticələr göstərirdim. Yarış zamanı çox həyəcan keçirirdim. Artıq o anlar arxada qaldı. Məktəbimizə qalib kimi qayıdacağımdan qürur duyuram. Bakı şəhərində keçiriləcək final yarışından şəhərimizə də qələbə ilə qayıtmaq arzusundayam”.

Qeyd edək ki, martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Şirvandan sonra Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.