İDMAN


Formula 1 üzrə dünya çempionatının iki yarışı dalbadal eyni trasda keçiriləcək

Vyana, 12 iyul, AZƏRTAC

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması start götürəcək.

AZƏRTAC xəbər verir ki, bu, Formula 1 avtoidmanının 70 illik tarixində iki yarışın dalbadal eyni trasda keçirildiyi ilk hadisədir. Şpilberq qəsəbəsinin yerləşdiyi federal əyalətin adına uyğun olaraq, bu yarışmaya Ştiriya Qran-Prisi adı verilib.

İyulun 5-də “Red Bull Ring” trasında keçirilən ilk yarışda “Mercedes” pilotu Valtteri Bottas qalib gəlmişdi. İyulun 11-də keçirilən kvalifikasiya turniri güclü yağışa görə pilotlar üçün əsl məşəqqətə çevrilib. Dünya çempionu və “Mercedes” pilotu Levis Hemilton hazırlıq yarışında peşəkar karyerası tarixində 89-cu start mövqeyi (pole position) təmin edib və iyulun 12-də trasda yürüşə əlverişli mövqedən start verəcək. Hazırlıq yarışında sonrakı yerlərdə isə Maks Verstappen (”Red Bull”), Karlos Saynz (“McLaren”) və ötən həftənin qalibi Valtteri Bottas tutublar.

Avstriya mətbuatında COVID-19 öhdəliklərinə riayət olunmadığına görə iyulun 19-da Macarıstanda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran-Prisinin üçüncü dəfə eyni məkanda – Şpilberqdə “Red Bull Ring” trasında baş tutacağına dair xəbərlər yayılır. Formula 1 təşkilatçıları bu xəbərləri hələlik şərh etməyiblər.

Təşkilatçılar yarışların COVID-19 pandemiyası ilə əlaqədar tam təhlükəsiz şəraitdə keçməsi üçün ciddi tədbirlər görüblər. İkinci dövrənin keçiriləcəyi 12 iyul tarixinədək Şpilberqdə ümumilikdə 8600 COVID-19 testi aparılıb, onların hamısının cavabı mənfi olub. Bu da Formula 1 yarışları üçün hazırlanmış yeni konsepsiyaya və yerli təşkilatçıların məsuliyyətinə inamı artırıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.