İDMAN
Formula 1 üzrə dünya çempionatları tarixində 1000-ci Qran-Priyə Çin ev sahibliyi edəcək
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 14-də avtoidman azarkeşləri bu il Formula 1 üzrə dünya çempionatları tarixində 1000-ci Qran-Prini izləyəcəklər. Mininci Qran-Pri Çinin Şanxay şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, indiyədək təşkil olunan 70 mövsümdə “Ferrari” komandasının pilotları yubiley yarışlarında fərqlənə bilməyiblər. Belə ki, İtaliya komandası 70 çempionatda 972 yürüşə qatılıb və bunların 235-də qələbə qazanıb.
2004-cü ildən Şanxay avtodromunda keçirilən Çin Qran-Prisi bir çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, 2006-cı ildə dəfələrlə dünya çempionu olan Mixael Şumaxer sonuncu – 91-ci qələbəsini Şanxayda qazanıb. Üç il sonra “Red Bull Racing” komandası öz tarixində ilk qələbəni məhz Şanxay avtodromunda əldə edib. Həmçinin 2012-ci ildə “Mercedes”in pilotu Niko Rosberq ilk dəfə podiumun ilk pilləsində yer alıb.
Formula 1-in yubiley Qran-Priləri
1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə “Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış “Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında “McLaren”in sürücüsü Niki Lauda birinci olub. Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini “Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda “Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın “İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə “Jordan” komandasından Cankarlo Fizikella olub. “Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sonuncu yubiley yarış 2014-cü ildə Bəhreyndə təşkil olunub. “Mercedes”in pilotu Luis Hamilton 900-cü Qran-Prinin qalibi olub.
Qeyd edək ki, aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək Azərbaycan Qran-Prisi sayca 1001-ci yarış olacaq.