İQTİSADİYYAT


Formula 1 yarışları ilə bağlı “Azərsu”da komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib

Bakı, 9 aprel, AZƏRTAC 

Aprelin 26-28-də paytaxtda keçiriləcək növbəti Formula 1 yarışlarına yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ həlli məqsədilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tədbirlər Planına uyğun olaraq, yarışların keçiriləcəyi ərazilərdə içməli su və kanalizasiya infrastrukturlarının normal fəaliyyətini təmin etmək, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su xətləri üzərində siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 8 kilometrədək kanalizasiya xətləri, 600-dək kanalizasiya quyusu və barmaqlıq təmizlənib.

Yarışların keçiriləcəyi günlərdə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.

Həmçinin qəzaların aradan qaldırılması üzrə nümunəvi qəza-bərpa briqadaları üçün təlimlər keçirilib. Təlimlərdə “Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi sukanal idarələrinin 80-dək əməkdaşı iştirak edib.

Təlimlərdə qəza hallarının operativ qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak ediblər.

Yarışlarla əlaqədar idman və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə də nəzarət gücləndirilib. Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin su təchizatı və kanalizasiya xətlərinə baxış keçirilir, aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Ölkəmizə xaricdən xeyli sayda qonağın gələcəyi nəzərə alınaraq, idman və turizm obyektlərinin su və kanalizasiya sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək istiqamətində işlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.