İDMAN
Formula 1 yarışlarının ikiqat çempionu Alonsonun avtomobili “Dakar” rallisinin 10-cu mərhələsində aşıb
Bakı, 15 yanvar, AZƏRTAC
Formula 1 yarışlarının ikiqat çempionu ispaniyalı Fernando Alonso Səudiyyə Ərəbistanında keçirilən “Dakar” ralli-marafonunun 10-cu mərhələsində qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Alonso bu “Dakar” rallisində karyerasında ilk dəfə çıxış edirdi. Yarışların keçirilməsi üçün ayrılmış xüsusi sahənin 87-ci kilometrliyində ispaniyalının avtomobili qum təpələrindən uğursuz enməsi səbəbindən iki dəfə çevrilib və təkərləri üstə düşüb. Nəticədə avtomobilin qabaq şüşəsi zədələnib, lakin Alonso özü və onun şturmanı ispaniyalı Mark Koma zərər çəkməyib.
“Motorsport.com” portalı bildirir ki, heyət əvvəlcə yürüşdə iştirakını şüşəsiz davam edib, sonra texniki yardım avtomobilini gözləmək üçün dayanıb, bundan sonra da hərəkətə davam edib. Mərhələnin birinci nəzarət nöqtəsində Alonso liderə 1 saat 8 dəqiqə 16 saniyə uduzub.
9 mərhələdən sonra Alonso ralli-marafonun ümumi hesabında 10-cu yeri tuturdu.
“Dakar” ralli-reydinin ümumi uzunluğu 7,8 min kilometrdir. Bunun 5 min kilometri sürətli xüsusi sahələrdir. Ralli-marafon yanvarın 17-də başa çatır.