İDMAN
“Formula W Series”: İlk yürüşdə Ceymi Çedvik qalib olub
Bakı, 6 may, AZƏRTAC
Almaniyanın Hokkenhaym şəhərində yalnız qadınların iştirak etdiyi “Formula W Series” yeni çempionatının uğurlu premyerası keçirilib. Birinci yerə britaniyalı pilot Ceymi Çedvik layiq görülüb.
AZƏRTAC xəbər verir ki, yürüşə pouldan başlayan Ceymi yaxşı start götürsə də, elə birinci dövrədə səhvə yol verib. O, döngələrin birində bolidi idarə edə bilməyərək liderliyi əlindən buraxıb. Finişdən sonra özünün də dediyi kimi, bu, ötürmə qutusunda olan problemlə bağlı idi ki, bütün məsafə boyunca onu müşayiət edib.
Yürüşə Sara Mur rəhbərlik edib. Lakin məhz həmin dövrədə Emma Kimilyaynen və Meqan Gilks arasında toqquşma baş verib. Kanadalı sadəcə olaraq fin yürüşçünün bolidini trasdan çıxarıb və nəticədə hər ikisi mübarizəni dayandırıb.
Peloton bir neçə dövrə ərzində təhlükəsizlik maşınının arxasınca gedib, lakin təkrar startda Çedvik irəliyə keçərək artıq iki döngədən sonra liderliyi özünə qaytarıb. Elis Pauell startda altıncı olsa da, üçüncü mövqeni tutub. Beytske Visser də yürüşə yaxşı başlayıb. Təcrübəli hollandiyalı pilotdan bunu gözləmək mümkün idi və tezliklə o, təkrar startdan sonra dördüncü olub.
Buna baxmayaraq, ona üçüncü mövqeni tutan Marta Qarsiyanı ötmək nəsib olmayıb. Bununla yanaşı, Sara Mur onun özünü artıq sıxışdırırdı. Beytskeni boliddə olan problemlər izləməkdə davam edib. Bu problemlər hələ təsnifat yürüşlərində ona mane olurdu. Malik olduğu təcrübə də ona ardınca gələn rəqiblər qrupundan uzaqlaşmağa kömək etmirdi. Ola bilər ki, bu, aldadıcı təəssürat idi. Çünki Beytske bütün hücumların qarşısını alaraq, daha sonra onu izləyənlərlə arasındakı məsafəni artırmağa cəhd edərək axır ki, öz mövqeyini tuta bilib.
Bununla belə, liderlər qrupunda vəziyyət sabitləşirdi: Çedvik, Pauell və Qarsiyanın bolidlərini bir-birindən saniyədən də az vaxt ayırırdı, Visser isə 3 saniyə geriləyirdi.
Finişə 6 dəqiqədən az qaldıqda Qarsiya Pauellə arasındakı məsafəni yaxınlaşdırdı, o, yəqin ki, irəli keçməyə hazırlaşırdı. Lakin bu, baş vermədi. İspaniyalı yürüşçü finişi britaniyalı rəqibindən 0,3 saniyə sonra keçdi.
“Formula W Series” debüt yürüşlərində qələbə gözlənildiyi kimi Ceymi Çedvikə nəsib oldu. Düzdür o, birinci dövrədə xətalara yol versə də, əminliklə onları aradan qaldırdı və bununla da digərlərinə heç bir fürsət buraxmadı. Bu, tam aydındır: rəqiblərinin çoxu onun malik olduğu təcrübə ilə lovğalana bilməz. Birinci yürüşün yekunları isə bu şəkildədir: Çedvik, Pauell, Qarsiya, Visser və Mur.
Mövsümün ikinci mərhələsi iki həftə sonra Belçikanın Solder trasında təşkil ediləcək.