MƏDƏNİYYƏT


“Formula -1” yarışları zamanı qonaqları rəngarəng mədəni proqram gözləyir

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 17-dən 19-dək Bakıda "Formula-1” Avropa Qran-prisi yarışları keçiriləcək. Yarış günlərində paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək və bir-birindən maraqlı proqramlar nəzərdə tutulur. Mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək.

Paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri səhnəyə təqdim edəcəklər. Ayın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası nümayiş olunacaq.

Dövlət Musiqili Teatrı da yarış ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək. Burada R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” səhnə əsərləri ingilis dilində subtitrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.

Azərbaycan Dövlət Rus Dram Teatrında iyunun 17, 18 və 19-da M.Lermontovun “Maskarad”, R.Kuninin “Həddindən ziyadə evli taksi sürücüsü” və P.Kalderonun “Məhəbbətlə zarafat etmirlər” tamaşaları göstəriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tədbir günlərində “Çəkməli pişik” (Ş.Perro), “Mehmanxana sahibəsi” (K.Qoldoni), Rus xalq nağılı “Möcüzəli turp” və “Pəri cadu” (Ə.Haqverdiyev) tamaşalarını təqdim edəcək.

Dövlət Pantomima Teatrında isə iyunun 18-də Ç.Aytmatovun “Manqurt”, B.Xanızadənin “Fəlakət və insan”, B.Əhmədlinin “Son ştrix” tamaşaları nümayiş olunacaq.

Nizami Kino Mərkəzində “Formula-1” ərəfəsində “Yalan illüziyası 2” bədii filminin və “Avropa Çempionatı – 2016” oyunlarının böyük ekranda nümayişinə başlanılıb.

Qeyd edək ki, paytaxtımızın çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub. “Formula-1” günlərində muzeylər də öz iş qrafiklərinə uyğun fəaliyyət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.