MƏDƏNİYYƏT


Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcək VİDEO

Bakı, 1 may, AZƏRTAC

Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 1-də Bakı Konqres Mərkəzində Forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib.

Bildirib ki, tədbirin təşkilatçıları Azərbaycan hökuməti, Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.

Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.

“Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş Böyük Britaniyaya, Səudiyyə Ərəbistanına qədər müxtəlif dövlətlərin təmsilçiləri qatılacaq. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək”, – deyə Vasif Eyvazzadə vurğulayıb.

Bildirilib ki, forum üç istiqamətdə davam edəcək. Belə ki, forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda, 2 gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Mətbuat konfransında çıxış edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru Mayk Hardi, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva, UNESCO-nun Mədəniyyətlərarası dialoq bölməsinin rəhbəri Ann-Belinda Preys və ISESCO-nun xoşməramlı səfiri, İtaliya İslam Dini Cəmiyyətinin prezidenti Yahya Pallavicini “Bakı prosesi”nin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan hökumətinə belə bir forumun təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, iki gün ərzində Bakıda müasir dünyanı narahat edən aktual məsələlər müzakirə mövzusu olacaq. Forumda “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Sülh naminə gənclər: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” və “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzularında üç əsas plenar sessiya keçiriləcək. Vurğulanıb ki, dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu forum böyük əhəmiyyət kəsb edir.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Forumda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.