SİYASƏT


Fotoqalereya: Heydər Əliyevli günlər. AZƏRTAC-ın xüsusi layihəsi

Bakı, 9 may, AZƏRTAC

Ötən illərin ən qiymətli, ən əziz yadigarı fotolardır. Alboma baxdıqca, yaşananlar kino lenti kimi göz önündən ötüb keçir. Hansısa fotoşəklə baxıb xatirələrə dalırsan. Başqa bir foto həsrət və xiffət duyğularını titrədir, nostalji hisslər oyadır.

AZƏRTAC hamımız üçün doğma və əziz insanın - Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində məhz fotolardan ibarət xüsusi layihə təqdim edir. Burada adı Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi – 1969-cu ildən 2003-cü ilədək olan dövrü ilə bağlı olan böyük şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən nadir fotolar toplanıb: gəncliyi, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi vaxtlar, Moskvada işlədiyi, Naxçıvanda yaşadığı illər, Bakıya qayıdışı, siyasi hakimiyyətinin yeni dövrü...

Bu fotolar Heydər Əliyevin keçdiyi təkrarolunmaz həyat yolunun təsirli epizodlarını, tarixi anlarını özündə yaşadır. Bu fotolardan Ulu Öndərin bəzən gülümsər, bəzən qayğılı siması boylanır...

 

                             

               

 

                  

               

 

 Ailə ocağı

Heydər Əliyevin və Zərifə xanımın saf məhəbbəti üzərində qurulmuş ailə ilk baxışda adi azərbaycanlı ailəsindən o qədər də fərqlənmirdi. Respublika rəhbərinin, dövlət başçısının ailəsi dəbdəbədən uzaq, sadə həyat tərzi sürürdü. Buna ailə fotoları şahidlik edir.  

 

                       

 

            

 

              

Heydər Əliyev gənc yaşlarından yüksək vəzifələr tutub, çiyinlərində bütün ölkənin yükünü daşıyıb. İşin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt tapırdı. Fotolardan biri çox uzaq keçmişə aiddir: bu şəkli ömür-gün yoldaşı Zərifə xanımla kənd evinin həyətində çəkdirib. Digər fotoda Heydər Əliyevi övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük.

              

Ulu Öndərin Vətən və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişafda olan Azərbaycanı görürlər. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev 16 ildən çoxdur ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır...

 

             

 

 

Yarım əsr əvvələ qayıdış

Aşağıdakı fotolar təxminən 40-50 il əvvəl çəkilib. O vaxtlar keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri sayılan Azərbaycanda durğunluq hökm sürür, mərkəzi hakimiyyətin fəaliyyəti nəzərə çarpmırdı. Bu xoşagəlməz tendensiyaya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan - Heydər Əliyev birinci katib seçiləndən sonra son qoyuldu: həyatın ritmi büsbütün dəyişdi, respublikada canlanma və quruculuq dövrü başlandı. Bakıda o dövr üçün nadir hesab edilən müəssisələr tikildi, paytaxtımıza bu gün də yaraşıq verən bir sıra memarlıq nümunələri yarandı, nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında görünməmiş artıma nail olundu. Qazancı artan kəndlilər kərpic daxmaları söküb yerində daş evlər tikməyə başladılar.

 

          

 

                                                                            

Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərdi və beləliklə, yüksək ixtisaslı kadr potensialı yarandı. Eyni zamanda, çoxsaylı mədəniyyət xadimləri yetişdi, milli ruhlu əsərlər meydana çıxdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu intellekt potensialı köməyə çatdı.

 

              

Əvvəlki birinci katiblərdən fərqli olaraq, Heydər Əliyev bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Bu ağ-qara fotolar özündə həmin dövrün ab-havasını yaşadır, bizi xəyalən o illərə qaytarır...

       

 

       

 

         

 

 

         

 

           

 

  

              

 

Heydər Əliyevin Moskva həyatı

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Onun SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması çox qürurverici hadisə idi. Digər tərəfdən, Heydər Əliyev mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi.

Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı.

Bu bölmədəki fotolarda Heydər Əliyevin Moskva həyatının, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətinin bəzi məqamları əksini tapıb. 

           

 

         

Heydər Əliyevin uğurlu karyerası Mixail Qorbaçov siyasi hakimiyyətə gələnədək davam etdi. Bundan sonra ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bir il sonra isə Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Çoxları bu fikirdədir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, biz nə Qarabağ problemini, nə də 20 Yanvar faciəsini yaşamazdıq...

Xilaskarın qayıdışı

O xalqlar zamanın sərt sınaqlarından az itki ilə çıxa bilirlər ki, hamılıqla qəbul edilən müdrik, xilaskarlıq missiyasını üzərinə götürən liderləri olur. Tale Azərbaycan xalqına da Ulu Öndərinin simasında xilaskar bəxş etmişdi: bir dəfə 1969-cu ildə, ikinci dəfə 1993-cü ildə.

 

Azərbaycanın növbəti ağır günlərini yaşadığı 1990-cı ilin iyulunda Heydər Əliyev Vətənə qayıtdı. Həmin vaxt respublikaya rəhbərlik edənlər onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. İyirmi yeddi il əvvəl Naxçıvanda Yeni Azərbaycan Partiyasının təməli qoyuldu. Burada qəbul olunmuş qərarlar, atılan addımlar Azərbaycanın sonrakı taleyində həlledici rol oyandı.

1990-cı illərin əvvəllərində ağır günlər keçirən xalq gözünü Naxçıvana, Heydər Əliyevə dikmişdi. 1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz qayığa bənzəyirdi. Belə bir mürəkkəb vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin taleyi üçün məsuliyyəti çiyinlərinə götürdü. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və tərəqqi yoluna çıxardı.

 

       

       

 

          

Heydər Əliyevə olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Fotoların birində bu müqavilədən əldə edilən ilk neftin Ulu Öndərdə doğurduğu sevinc hissi əksini tapıb: onun gözləri gülür, neftli əlini üzünə çəkir. O, dərin zəkasının qüdrəti ilə əfsanələri reallığa çevirirdi. Fotoşəkillər bizi həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamları göz önündə canlanır.

            

 

      

 

        

 Dünya liderləri ilə çoxsaylı görüşlər

Heydər Əliyevin şəxsi nüfuzu müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşlər yenicə yaranmış dövlətin xarici siyasətinin uğurlarını təmin etdi. Onu hər yerdə hörmət-izzətlə qarşılayırdılar, Heydər Əliyev diplomatiyası dünyanı tədricən fəth edirdi. Həmin görüşlərdən, beynəlxalq təşkilatların tədbirlərindən çəkilmiş fotolar özü hər şeyi deyir.

 

        

    

          

Dövlət və hökumət rəhbərləri, tanınmış siyasi xadimlər, məşhur yazıçılar Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırır, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirirdilər. Yeri gəlmişkən, bir neçə sitata nəzər salaq.

Rusiya Prezidenti Vladimir Putin: O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.

ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcək. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.

Qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Ümummilli liderə ümumxalq məhəbbətinin ifadəsi

Hər il mayın 10-da Fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Bu izdihamın, təsirli anların həkk olunduğu fotolar xalqın Heydər Əliyevə sönməz məhəbbətindən xəbər verir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və ucalığı da illər ötdükcə daha dərindən dərk olunur.

 

      

        

 

        

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.