CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşları “Formula-1” könüllülərinə təlim keçib
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Formula-1” Avropa Qran-prisi könüllüləri ilə görüş olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən FHN Baş əməliyyat idarəsinin əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi polkovnik Cavanşir Həşimov könüllülərin ötən il keçirilmiş birinci Avropa Oyunlarındakı fəaliyyətini yüksək qiymətləndirib. O, könüllülərin “Formula-1” Avropa Qran-prisinə də cəlb olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. C.Həşimov qarşıdan gələn mötəbər tədbirdə də könüllülərin üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə edib.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Azərbaycanın beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsinin əsasında sabitlik və inkişafın dayandığını vurğulayıb. Qeyd edib ki, idmançılarımızın uğurları ilə yanaşı, könüllülərin fəaliyyəti də Azərbaycan gənclərinin yüksək vətənpərvərliyindən xəbər verir.
Sonra könüllülərə FHN Akademiyasının fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə meneceri Atif Qənbərov yüksək səviyyəli əməkdaşlığa və göstərilən hərtərəfli yardıma görə FHN-ə təşəkkürünü bildirib. O, könüllülərin bu təlimlərdə vacib məlumatlar əldə edəcəklərinə əmin olduğunu deyib.
Görüşdə FHN-in əməkdaşları “Formula-1” yarışlarında fövqəladə hadisə baş verəcəyi təqdirdə atılacaq addımlar, davranış qaydalarına dair məruzələrlə çıxış edib, tamaşaçıların təxliyəsi, ilkin tibbi yardım barədə məlumat veriblər.
Sonda FHN-in əməkdaşları könüllüləri maraqlandıran sualları cavablandırıblar.
Tədbirdə şərti xəsarət almış şəxslərə ilkin tibbi yardımın göstərilməsi və yanğınsöndürənlər tərəfindən şərti yanğın zamanı alovun qarşısının odsöndürən balonlar vasitəsilə alınması üsulları əyani göstərilib.
Görüşdə birinci Avropa Oyunlarında fərqlənən könüllülərə FHN adından hədiyyələr təqdim edilib.