CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Göyçayda kompleks mülki müdafiə təlimi keçirəcək
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 23-dən 25-dək Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “Azərbaycan Respublikasının 2019-cu il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Göyçay rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriləcək.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyasının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının yoxlanılması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsinə nail olmaqdır.
Həmçinin fövqəladə hadisələr zamanı mülki müdafiənin idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkil edilməsi və birgə fəaliyyət mexanizminin təkmilləşdirilməsi, mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi, əhalinin fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydaları üzrə maarifləndirilməsi, təlim iştirakçılarına yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması, eləcə də iştirakçılara fövqəladə halların nəticələrinin аrаdаn qаldırılmаsı işinin təşkili sаhəsində təcrübənin vеrilməsi də əsas hədəflərdəndir.
Təlimdən əvvəl nazirliyin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi tərəfindən təlimə hazırlığın təqvim planına əsasən fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, komandir-rəis heyəti ilə nazirliyin müvafiq qüvvələri və hərbləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması mövzularında səhra toplantıları keçirilir.