CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Siyəzən rayonunda kiçikhəcmli gəmi istifadəçilərinə maarifləndirilmə tədbiri keçirib
Bakı, 22 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Siyəzən rayonunda kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Siyəzən rayonunun Balaca Həmyə kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətə dair tələblər diqqətə çatdırılıb, həmin su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş texniki baxışdan keçirilməsinin vacibliyi bildirilib. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda kiçikhəcmli gəmi istifadəçilərinə həmin gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.