CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı qeyd olunub. Buna görə də təhlükəsizlik qaydalarına dəqiq əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, evlərdə və şənliklərin keçirildiyi məkanlarda bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır. İşıqlandırmada saz və standartlara uyğun elektrik qurğu və cihazlarından istifadə edilməli, ağac tezalışan oyuncaqlarla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Bayram şənliyi ikinci mərtəbədən yuxarıda keçirilməməlidir. Həmçinin şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı, məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə vurulmalıdır. Bununla yanaşı, otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməlidir. Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir.
“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə qeyd olunub.