CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə yayda çimərliklərdə səmərəli istirahət etmək üçün əməl olunması mühüm əhəmiyyət daşıyan təhlükəsizlik qaydaları əhalinin diqqətinə çatdırılıb.
Müraciətdə qeyd olunub ki, çimərliklərdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Bundan başqa, çimərlikdə uşaqların nəzarətsiz qalmamaları, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməsi barədə əhaliyə xəbərdarlıq olunub.
Müraciətdə, həmçinin qeyd edilib: “Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 9.00-dan 21.00-dək daha təhlükəsizdir. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”.