CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi dezinfeksiya işlərini davam etdirir
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə dövlətimizin başçısı İlham Əliyevin göstərişi əsasında kompleks səmərəli tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyənləşdirdiyi obyektlərdə dezinfeksiya tədbirləri yerinə yetirilir, müxtəlif məkanlar xüsusi məhlulla mütəmadi qaydada dezinfeksiya olunur.
Dezinfeksiya işlərinin davam etdirilməsi nəzərdə tutulur.