CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı tərəfindən şəhid ailələrinə ianə sertifikatları təqdim edilib
Bakı, 13 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Beynəlxalq Qadınlar Günü münasibətilə işğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş şəhidlərin analarının adına həyata keçirilmiş ağacəkmə aksiyasının ianə sertifikatları nazirliyin regional mərkəzlərinin və əhatə dairəsinə aid rayon (şəhər) icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə şəhid analarına təqdim edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş və tədbirlərdə iştirak edən FHN-in əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhid analarının adından işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində 5500 ağac ianə edilib.
İlkin olaraq apreldə bir qrup şəhid analarının, Qarabağ Dirçəliş Fondunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə 300 ağac tingi əkilib.
Görüşlərdə iştirak edən məsul şəxslər işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıq və fədakarlıqlarından geniş söhbət açıblar. Şəhid anaları ilə görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi və göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların rifah halının yüksəldilməsi və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlərdən ətraflı danışılıb.
Tədbirlərdə çıxış edən şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.