Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
AzerTAg.az
Bakı, 18 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal-Qərb Regional Mərkəzi tərəfindən Oğuz rayon Mədəniyyət mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzinin 3 nömrəli şəhər xəstəxanasında, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri 21 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbirləri təşkil edilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel, daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var