CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir VİDEO

Bakı, 29 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə gün əvvəl ölkə mətbuatında Bakı şəhərinin Xətai rayonunun M.Mehdizadə küçəsi 2-4 ünvanında çoxmərtəbəli yaşayış binasının inşası zamanı tikintidə təhlükəsizlik qaydalarının pozulması və nəticədə həmin obyektin yaxınlığından keçən insanların həyatı üçün təhlükə yaranması barədə məlumat işıqlandırılıb.

Göstərilən məsələ ilə əlaqədar dərhal FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri əraziyə baxış keçiriblər. Həqiqətən də “AzDTN 1.6-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın “Tikintinin təşkili” bölməsinin 4.6-ci maddəsində nəzərdə tutulmuş tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsi ilə bağlı tələbin tikintini həyata keçirən “İnşaat Konstruksiyaları” MMC tərəfindən təmin edilmədiyi və bununla da ətrafdakı insanların həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyənləşdirilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in mütəxəssisləri tərəfindən “İnşaat Konstruksiyaları” MMC-dən ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin dərhal görülməsi tələb olunaraq tikinti işləri müvəqqəti dayandırılıb.

Şirkət tərəfindən qısa müddətdə ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görüldükdən, o cümlədən ərazi çəpərləndikdən, zəruri qoruyucu konstruksiyalar quraşdırıldıqdan sonra tikinti işlərinin davam etdirilməsinə icazə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.