CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə hissələri arasında müsabiqə keçirib

Bakı, 4 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti nazirliyin işçilərinin həmkarlar ittifaqının dəstəyi ilə dekabrın 1-dən 3-dək Bakı və Sumqayıt şəhərlərindəki yanğından mühafizə hissələri arasında “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə neft, qaz və neft-kimya sənayesi müəssisələrində baş verə biləcək texnogen mənşəli fövqəladə halların qarşısının çevikliklə və peşəkarlıqla alınması, yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin və metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Müsabiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 45, 46, 47, 48, 49, 50, 51, 53, 54, 56 nömrəli, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 11, 12, 13, 18, 19 nömrəli və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20, 22 və 24 nömrəli yanğından mühafizə hissələri iştirak edib. Komandalar mübarizəyə yeddi nəfərdən ibarət manqalarla qatılıb.

Bütün iştirakçılar müsabiqədən əvvəl döyüş açılışı zamanı hərəkətlərin yanğın-xilasetmə hazırlığı və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun yerinə yetirmələri haqqında təlimatlandırılıblar.

Bir mərhələdən və iki hissədən ibarət olan baxış-müsabiqədə komandaların şəxsi heyətinin sıra baxışı, yanğın texnikası, yanğın texniki avadanlıq və ləvazimatları, təqdim olunmuş sənədlər nəzərdən keçirildikdən sonra manqalar kompleks tədbirlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılıblar.

Beləliklə, 18 komandadan 126 nəfər yanğınsöndürənin iştirak etdiyi müsabiqədə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli yanğından mühafizə hissəsinin komandası birinci yerə layiq görülüb. Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli yanğından mühafizə hissəsinin komandası ikinci yeri, Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli yanğından mühafizə hissəsinin komandası isə üçüncü yeri tutub.

Qalib komandaların təltif edilməsi mərasimində Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov iştirak edib. İttifaq sədri qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qalib komandalara FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən diplomlar, qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.