CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilib

Bakı, 20 aprel, AZƏRTAC 

Aprelin 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində ölkəmizdə akkreditə olunmuş diplomatic korpusun hərbi attaşeləri ilə görüş keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə ABŞ, Rusiya, Çin, Türkiyə, Böyük Britaniya, İtaliya, İran, Belarus, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna, Macarıstanın hərbi attaşeləri iştirak ediblər.

Fövqəladə hallar nazirinin müavini vəzifəsini icra edən, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə FHN-in fəaliyyət istiqamətləri, iş prinsipləri, strukturu və qurumları, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verib.

FHN-in beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini vurğulayan F.Tağı-zadə Prezident İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiyaya, Türkiyəyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli kömək göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar 2017-ci il noyabrın 3-də FHN-in təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarxı izləyiblər.

Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, kapitan Əsmər Salamova Mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış edib.

FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nazirliyin beynəlxalq əlaqələr idarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli hərbi attaşelərə təşəkkürünü bildirib, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini diqqətə çatdırıb.

Sonra attaşelərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Görüşün sonunda hərbi attaşelərin Bakıdakı Assosiasiyası adından Fövqəladə Hallar Nazirliyinə xatirə hədiyyəsi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.