CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 8-də Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavinlərinin, nazirliyin aidiyyəti struktur bölmələrinin və Agentliyin rəhbər şəxslərinin iştirak etdikləri müşavirədə nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib, qurumun hesabatına dair təqdimatlar dinlənilib.
Müşavirədə yekun nitqi ilə çıxış edən Kəmaləddin Heydərov sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.