CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında beynəlxalq elmi-texniki konfrans keçirilib VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hallar və təhlükəsizlik problemləri” mövzusunda professor-müəllim heyətinin beynəlxalq elmi-texniki konfransı keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Beynəlxalq konfransa FHN Akademiyasının, Qazaxıstanın Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin Kokşetay Texniki İnstitutunun, Ukrayna Milli Mülki Müdafiə Universitetinin, Belarusun FHN-in Mülki Müdafiə Universitetinin və onun Qomel filialının, Ukrayna Milli Çernobıl Qəhrəmanları adına Çerkassk Yanğın Təhlükəsizliyi İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Bakı Qızlar Universitetinin professor-müəllim heyəti qatılıb.

FHN Akademiyasının rəisi Baba Salayev tədbirdə çıxış edərək deyib ki, müasir dünyada hər bir dövlətin gələcəyi təhsil ocaqları və bu müəssisələrdə təhsilin səviyyəsi ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini diqqətə çatdıran B.Salayev bildirib ki, bu gün ölkəmizin qarşısında duran ən başlıca strateji vəzifələrdən biri insan kapitalının inkişafı, hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.

Akademiyanın rəisi çıxışında ölkəmizdə təhsilin və elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şəraitin yaradıldığını, bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğının göstərildiyini vurğulayıb.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev çıxış edərək elmi-texniki tərəqqinin sürətləndirilməsi, davamlı iqtisadi inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin və təhsilin əhəmiyyətindən danışıb, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Plenar iclasda FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə sektorunun müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cabir Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi” kafedrasının professoru Abbas Rzayev, FHN Akademiyasının Tədris şöbəsinin böyük metodisti, texnika üzrə fəlsəfə doktoru İldırım Axundov, Akademiyanın Qiyabi təhsil fakültəsinin rəis müavini, kapitan Xalid Həsənov və Akademiyanın Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının baş müəllimi, leytenant Maya Qurbanova və müəllim, leytenant Aysel Süleymanova-Rəhmanlı məruzələrlə çıxış ediblər.

İclasdan sonra konfrans işini bölmə iclaslarında davam etdirib.

Kafedra rəisi, polkovnik Elçin Mahmudovun sədrliyi ilə “Həyat fəaliyyətinin təhlükəsizliyi problemləri”, texnika üzrə fəlsəfə doktoru, kafedra müdiri, daxili xidmət polkovnik-leytenantı Kazım Kazımovun sədrliyi ilə “Yanğın təhlüksizliyinin problemləri” və fizika-riyaziyyat elmləri namizədi, dosent, kafedra müdiri Famil Məmmədovun sədrliyi ilə “Təbiət elmləri və təhlükəsizlik problemləri” adlı bölmə iclaslarında məruzələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.