CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-praktik konfrans keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında noyabrın 28-də ölkəmizdəki digər ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransı açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov qeyd edib ki, son illər akademiyada elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elm-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiqi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu həmişə yüksək qiymətləndirib. “Gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır”, - deyən Pənah Süleymanov ölkəmizdə təhsilin və elmin inkişafına hər cür şərait yaradıldığını, bu sahəyə dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

Konfransda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları Mirramin Yunusov və İbrahim Şiriyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Reyhanə Məmmədtağıyeva və Səbinə Əhmədova məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Akademiyanın həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi, polkovnik İlqar Dadaşov, yanğın, xüsusi hazırlıq və ixtisas fənləri kafedrasının rəisi, daxili xidmət polkovnik-leytenantı Kazım Kazımov, humanitar fənlər kafedrasının müdiri Bahar Cəfərova və hərbi kafedranın rəisi, polkovnik Hüseynqulu Həsənovun sədrlik etdikləri bölmələrdə müxtəlif mövzular üzrə kursant və tələbələrin məruzələri dinlənilib.

Tədbirin sonunda bir neçə kursant və tələbə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.