CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursantlar üçün növbəti təlim keçirilib VİDEO
Bakı, 5 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin əsas fəaliyyət planına uyğun olaraq keçirilən təlimin təşkilatçıları nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və FHN-in Akademiyası olub.
Təlimin açılışında çıxış edən Akademiyanın rəis müavini polkovnik Aslan Hüseynov bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin onların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə biliklərinin artırılması və müvafiq bacarıq və vərdişlərin aşılanmasından ibarətdir.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin İdarə rəisi Azadi Quliyev tədbirin əhəmiyyətindən danışaraq vurğulayıb ki, belə təlimlər həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayır. Eyni zamanda, belə təlimlərin təşkilində əsas məqsədlərdən biri də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.
Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla iki mərhələdə təşkil edilib.
Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun baş vermiş ərazidə axtarışı və xilas edilməsi, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkarlanması, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər əməliyyat tədbirləri nümayiş etdirilib.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.