CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin təşkilatçılığı ilə Akademiyanın kursantları üçün keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarət olub.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumatın verilməsi, kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. Akademiyanın rəisi təlimin iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin idarə rəisi Azadi Quliyev qeyd edib ki, təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasıdır. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacibliyini vurğulayan idarə rəisi belə təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumat verilib.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarışı və xilasetmə işləri, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkarlanması, pirotexniki qrup tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər hərəkətlər nümayiş olunub.

Təlimə 58 nəfər və 11 xüsusi nəqliyyat vasitəsi cəlb olunub. Tədbirdə xüsusi təyinatlı xilasetmə alət və avadanlığından istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.