CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər Mərkəzi Xəstəxanasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzində, Alaçadırlı kəndində yerləşən 112 nömrəli Ağdam köçkün tam orta məktəbində və Mustafaağalı kənd kitabxanasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhər Dövlət Aqrar İnkişaf Mərkəzində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad rayon filialında və Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.