CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi praktiki təlim keçirib
Bakı, 4 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilasedilməsi” mövzusunda praktiki təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim Regional Mərkəzin Xüsusi Xilasetmə hissəsində şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə davranışların, fövqəladə halların yaranma ehtimalı olduqda, çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Sonda rəhbərlik tərəfindən təlim zamanı yerinə yetirilmiş şərti tapşırıqlarin təhlili aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.