CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binası istifadəyə verilib VİDEO
Bakı, 16 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Məlumat verilib ki, Tibb Mərkəzinin yeni üç mərtəbəli inzibati binası müasir standartlara uyğun inşa olunub və ən son tibbi avadanlıqlarla təchiz edilib. Binanın zirzəmisində şüa-diaqnostika bölməsi, laboratoriya, EKQ, EXOEKQ kabineti, cərrah otağı, aptek, sterilizasiya, anbarlar və digər köməkçi otaqlar yerləşir. Şüa-diaqnostika bölməsində rentgenskopiya, rentgenqrafiya, flüoroqrafiya, dental ortopantomoqrafiya, dental 3D kompüter tomoqrafiyası və ultrasəs müayinələri aparılır. Laboratoriya bölməsində qanın ümumi və biokimyəvi analizi, qanda test və immunoferment üsulu ilə infeksiyaların təyini, infeksiyaların polimeraz zəncir reaksiyası üsulu ilə təyini və digər analizlər aparılır.
Birinci mərtəbədə mərkəzin inzibati hissəsi və poliklinika şöbəsi, ikinci mərtəbədə nazirliyin Xüsusi Həkim Ekspertiza Komissiyası, plazmaferez, stomatologiya, fibroqastroduodenoskopiya və kolonoskopiya kabineti və Mərkəzin stasionar şöbəsinin terapiya bölməsi fəaliyyət göstərir. Üçüncü mərtəbədə Mərkəzin stasionar şöbəsinin cərrahiyyə bölməsi, 5 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya bölməsi, üç əməliyyat otağından ibarət əməliyyat bloku və mətbəx yerləşir.