CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyəyə çatıb
Muğla, 7 avqust, AZƏRTAC
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq avqustun 6-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə çatıb.
AZƏRTAC-ın bölgədə fəaliyyət göstərən xüsusi müxbiri xəbər verir ki, Bakı vaxtı ilə təxminən 01:15-də 200 nəfərdən ibarət növbəti yanğın-xilasetmə qrupunu bölgənin rəsmi nümayəndələri, FHN-nin əməkdaşları və KİV nümayəndələri Muğla Dalaman Hava Limanında qarşılayıblar.
Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.
Qeyd edək ki, Azərbaycanın yanğın-xilasetmə qüvvələri ən qaynar nöqtələrdə fəaliyyət göstərərək Türkiyə xalqının qəlbini fəth ediblər. Qəhrəmanlarımız yanğınla üz-üzə qaldıqları bütün nöqtələrdə olduğu kimi Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının alovlardan qorunmasında da böyük fədakarlıq göstəriblər. Türkiyə rəsmiləri dəfələrlə göstərilən qəhrəmanlığı qeyd ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla