CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü qeyd olunub
Bakı, 15 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 13-cü ildönümü münasibətilə dekabrın 15-də nazirlikdə geniş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
İclası açan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 13-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
Kəmaləddin Heydərov bildirib ki, ötən müddət nazirliyin kollektivi üçün əlamətdar olub. FNN-in yarandığı 13 il ərzində əldə etdiyimiz bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlıdır. Ötən illər ərzində FHN dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunub. Nazirliyimizin bu günə qədər əldə etdiyi ən böyük nailiyyət dövlətimizin başçısının etimadını doğrultması, xalqın etibarını qazanmasıdır.
Qeyd olunub ki, cari ildə FHN qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Hesabat dövründə də nazirlik insanlarımızın həyat təhlükəsizliyinin qorunması sahəsində öz fəaliyyətini uğurla davam etdirib. Həmişə olduğu kimi, yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb. Yanğın hadisələrinin qarşısı çevik şəkildə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.
Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin həyat təhlükəsizliyinin, dövlət əmlakının və fərdi mülkiyyətlərin təhlükəsizliyinin qorunması sahəsində öz fəaliyyətini uğurla davam etdirdiyini bildirən nazir maddi-texniki bazanın möhkəmləndirilməsi, kadrların peşəkarlığının artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. O, eyni zamanda, yanğından mühafizə sahəsində əməliyyat şəraitinin daim diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini konkret faktlarla əsaslandırıb.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin hər il dekabrın 16-sı Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 2006-cı ildə imzaladığı Sərəncam FHN-ə və onun kollektivinə dövlət qayğısının bariz nümunəsidir. Nazir deyib: “FHN-in şəxsi heyəti həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcək. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan Prezidentini əmin edirəm ki, ölkə əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin olunması, maddi və mədəni sərvətlərimizin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin davam etdirilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarımızı səfərbər edəcəyik. Ali Baş Komandanın əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacağıq. Nazirliyin şəxsi heyəti həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşımızda qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, daha operativ və daha böyük sədaqətlə yerinə yetirəcəkdir”.
Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub. Prezidentin ötənilki sərəncamlarına əsasən təltif olunan bir qrup əməkdaşa mükafatlar təqdim edilib. Həmçinin FHN-in xidmətdə fərqlənən əməkdaşları da nazirin əmri ilə təltif olunublar.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.