REGİONLAR
Fövqəladə hallar naziri Ağdaşda vətəndaşları qəbul edib VİDEO
Ağdaş, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də Ağdaş rayonunda bölgə vətəndaşlarını qəbul edib. Nazir FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinlərini, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək, onların müraciətlərinə baxıb.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar olub.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 194, digər məsələlərlə bağlı müraciət etmiş 77 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.