REGİONLAR
Fövqəladə hallar naziri Şabranda şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Şabran, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 25-də Şabran şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 207, digər məsələlərlə bağlı müraciət etmiş 73 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.