REGİONLAR
Fövqəladə hallar naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
Salyan, 15 mart, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 15-də nazirliyin Salyandakı Muğan Regional Mərkəzində vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də iştirak etdikləri qəbulda Şirvan şəhər, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 90, digər məsələlərlə bağlı müraciət etmiş 20 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.