CƏMİYYƏT


Fövqəladə hallar naziri minatəmizləmə əməliyyatı zamanı xəsarətlər almış istehkamçı ilə görüşüb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Heydərovun valideynləri də iştirak edib.

Görüşdə S.Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan nazir onun vətənpərvər, xalqına və dövlətinə bağlı, cəsarətli insan kimi formalaşmasına görə valideynlərinə təşəkkür edib. S.Heydərovun sağlamlığının bərpa olunması üçün bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyini bildirən nazir K.Heydərov bu məsələnin onun daim diqqətində olduğunu vurğulayıb.

Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə S.Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.

Süleyman Heydərov ona göstərilən diqqətə görə təşəkkür edərək Vətənə bundan sonra da şərəflə xidmət edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.