REGİONLAR
“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda tədbir təşkil olunub
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Naxçıvan şəhər 7 saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqların xoşagəlməz hallarda qarşılaşdığı təhlükələrə onları əvvəlcədən hazırlamaq, uşaqlarda təhlükəsiz həyat fəaliyyətini formalaşdırmaqdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Naxçıvan şəhər 7 saylı uşaq bağçasının müdiri Nazilə Ləzgiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Daha sonra məişətdə və ətraf mühitdə baş verə biləcək təbii və texnogen qəzalar uşaqların dili ilə çatdırılıb.
Fidanlar məişətdə valideyn nəzarətsizliyi ucbatından baş verən yanğınlara diqqət çəkmək məqsədilə əməli tədbirin ilk səhnəciyini yanğınlara həsr edib, bu səhnəcikdə yanğın zamanı körpələr tərəfindən qaynar xətlərə necə zəng edilməsi, zərərçəkmişin yanğın ocağından xilas edilməsi və ilk yardımın göstərilməsini əyani şəkildə göstəriblər.
Tədbirdə səhnəciklərlə yanaşı, fövqəladə hallara aid mahnılar da uşaqlar tərəfindən ifa edilib, musiqi sədaları altında bayrağımız səhnəyə gətirilib.
Fidanlar tərəfindən məişətimizdə aktual problemlərdən biri olan dəm qazından zəhərlənmə və ondan qorunma yolları canlandırılıb, belə hallarda zərərçəkmişlərə ilk yardımın göstərilməsi qaydası əyani şəkildə göstərilib.
Sonra “Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgi qonaqlara təqdim olunub. Sərgidə Naxçıvan şəhər 7 saylı uşaq bağçasının fidanlarının və tərbiyəçilərinin əl işləri maraqla qarşılanıb.
Səhnəciklərdə fəal iştirak edən uşaqlara diplomlar təqdim olunub.
Tərbiyəçilər və uşaqlar tərəfindən hazırlanmış Fövqəladə Hallar Nazirliyinin emblemi xatirə olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımova təqdim edilib.