CƏMİYYƏT
“Fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 22 may, AZƏRTAC
“Fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Səhiyyə Nazirliyi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən təşkil olunan tədbir Azərbaycan Tibb Universitetində (ATU) baş tutub.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov iştirakçılara müxtəlif fövqəladə hallarda davranış qaydaları haqqında məlumat verib.
Mövzu ilə bağlı nümayiş etdirilən videoçarxlar əsasında yanğınsöndürmə balonlarının növləri və onlardan istifadə qaydaları əyani göstərilib.
Tədbirdə Səhiyyə Nazirliyinin səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasov, 2-ci şöbənin məsləhətçisi Cahangir Şıxlinski, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və qurumun 150 müəssisəsinin müxtəlif vəzifələrdə çalışan 500-ə yaxın işçisi iştirak edib.