CƏMİYYƏT
Fövqəladə halların idarə edilməsi sahəsində Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivi müzakirə olunub VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 28-də İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov iki ölkə prezidentlərinin səyləri nəticəsində intensiv inkişaf edən ikitərəfli əlaqələrimizin yeni vüsət aldığını diqqətə çatdırıb. O, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.
Qonaq səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından danışıb. O, fövqəladə halların idarə edilməsi sahəsində də iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.