CƏMİYYƏT
Fövqəladə halların qarşısının alınması sahəsində Türkiyə ilə Azərbaycanın müvafiq qurumları arasında qarşılıqlı əlaqələr genişlənir
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov səfir Erkan Özoralı səmimi salamlayaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə onu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin aidiyyəti qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini vurğulayıb, bu istiqamətdə verdiyi töhfəyə görə Erkan Özorala təşəkkür edib.
Səfir Erkan Özoral səmimi görüşə görə minnətdarlığını bildirib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin müvafiq dövlət qurumları arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.