Fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhali maarifləndirilib
AzerTAg.az
Bakı, 1 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Qaradağ rayonu 106 saylı və Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Əziz Əliyev adına Sumqayıt Tibb Kollecində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonu Təzəkənd kənd ümumi orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər D.Nağıyev adına 9 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib. Burada məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var