REGİONLAR
Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları aşılanır
Sumqayıt, 16 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin keçirdiyi "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminarda Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əməkdaşları iştirak ediblər.
FHN-in Sumqayıt Regional Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əsas məqsəd müəssisələrdə çalışan əməkdaşların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Seminar-müşavirədə "Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı”, "Sel və daşqın zamanı nə etməli”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Meşədə yanğın təhlükəsizliyi qaydaları”, "Dəm qazı” və "112 qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.
Sonda suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.