DÜNYA


Fövqəladə vəziyyət yaranacağı halda Çexiyanın ərzaq ehtiyatı bir günə kifayət edəcək

Praqa, 26 may, AZƏRTAC

Hazırda Çex Respublikasının anbarlarında 13 milyon sutkalıq ərzaq payı saxlanılır. Ölkə əhalisinin sayının 10 milyon olması nəzərə alınarsa, bu o deməkdir ki, fövqəladə vəziyyət yaranacağı halda bu ehtiyat təxminən 1,3 günə kifayət edər.

AZƏRTAC xəbər verir ki, bunu Çexiyanın Dövlət Maddi Ehtiyatlar İdarəsinin sədri Pavel Şvaqr bildirib. Onun sözlərinə görə, ərzaq ehtiyatlarının 15 günlük artırılması 12 milyard Çex kronuna (300 milyon avro) başa gələcək. Bundan əvvəlki hökumət ötən ilin sonunda ərzaq ehtiyatlarının 3 gündən 15 günədək artırılması barədə qərar qəbul etmişdi. Lakin bu qərar hələ icra olunmayıb. “Planlaşdırılmış 15 gün – sadəcə ambisiya deyil. Ötən il razılıq əldə edilib ki, biz bu hədəfə növbəti 15 il ərzində nail olmalıyıq”, - deyə Şvaqr vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyi bu məsələni həll etməkdən ötrü Dövlət Maddi Ehtiyatlar İdarəsinin büdcəsini 20 milyon avro artırmaq barədə təklif irəli sürüb. Nazirliyin başçısı Zdenek Nekulanın sözlərinə görə, Ukraynada davam edən münaqişə təkcə ölkənin anbarlarında saxlanılan taxıl məhsullarına deyil, digər ərzaqlara da təsir göstərib.

Əmək naziri Marian Yureçka, öz növbəsində, jurnalistlərə bildirib ki, hökumət dövlət ehtiyatlarının ümumi vəziyyətini dəyərləndirəcək.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, bütün strateji maddi ehtiyatlar 100 faiz dövlət mülkiyyətində olmalıdır. Dövlət Maddi Ehtiyatlar İdarəsi böhranlı və fövqəladə vəziyyətlərdə dövləti ehtiyatla təmin edir. Buraya məsələn, neft və neft məhsulları, tibbi müdafiə vasitələri, eləcə də anbarlarda saxlanılan ərzaq məhsulları - əsasən dondurulmuş ət, konservlər, yağ, quru süd, taxıl, pendir, qənd və duz daxildir. Dövlət Maddi Ehtiyatlar İdarəsi ərzağın çox hissəsini xarici tədarükçülərdə saxlayır.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.