MƏDƏNİYYƏT


Françesko Franjialliniyə Azərbaycan Turizm və Menecment Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Bakı, 20 may, Elvira Məmmədova, AZƏRTAC

BMT-nin Dünya Turizm Təşkilatının (DTT) fəxri baş katibi Françesko Franjialliniyə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) fəxri doktoru diplomu təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı mayın 20-də ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu ali məktəbin ilk fəxri doktoru adı 5 il əvvəl Elmi Şuranın geniş iclasında BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə verilib. Bu gün isə şura üzvlərinin yekdil qərarı ilə BMT-nin Dünya Turizm Təşkilatının fəxri baş katibi Françesko Franjialliniyə fəxri doktor adının verilməsi mərasimi keçirilir.

DTT-nin fəxri baş katibinin həyat və fəaliyyətindən danışan rektor qeyd edib ki, Françesko Franjiallini 1947 il yanvarın 23-də Parisdə anadan olub. Fransanın məşhur Milli İdarəçilik Universitetinin (Ecole Nationale d'Administration) məzunudur. 1986–1989-cu illərdə Fransanın milli turizm idarəsinə başçılıq edib. O, 1990–1996-cı illərdə BMT-nin Dünya Turizm Təşkilatında baş katibin müavini, 1997–2009-cu illərdə isə həmin təşkilatın baş katibi və hazırda bu təşkilatın fəxri baş katibidir. F.Franjiallini DTT-nin STEP Fondunun prezidenti, Turizm Sahəsində Təhsil və Təlim üzrə Dünya Assosiasiyası (AMFHORT) məşvərətçi icraçı sədridir. Bundan əlavə, F.Franjiallini Parisdəki Panteon-Sorbon Universitetinin, Fransanın Savoie Mont-Blanc Universitetinin, Honq-Konq Politexnik Universitetinin fəxri professorudur, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və BMT-nin ECOSOC kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Eyni zamanda, iqtisadiyyat, ictimai hüquq və siyasi elmlər, statistik və bazar araşdırmaları sahəsində çoxsaylı tədqiqatların və məqalələrin müəllifidir.

Diqqətə çatdırılıb ki, F.Franjiallini DTT-yə baş katib vəzifəsində çalışdığı müddətdə Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq şəraitində işləyib, ölkəmizin Dünya Turizm Təşkilatına üzvlüyünə dəstək olub, ölkəmizə rəsmi səfərlər edib.

Sonra Cəfər Cəfərov Françesko Franjialliniyə ATMU-nun fəxri doktoru diplomunu təqdim edib.

F.Franjiallini bu ali təhsil ocağının professor-müəllim heyətinin və tələbələrin peşəkar vərdişlərə yiyələnmələri üçün bilik və çoxillik peşə təcrübəsini əsirgəməyəcəyini və hər zaman Azərbaycanın və ATMU-nun yaxın dostu olacağını söyləyib.

Qeyd edək ki, F.Franjiallini səfər çərçivəsində ATMU tələbələrinə “Dünya ticarətində turizmin rolu”, “Turizmdə məşğulluq”, “Davamlılıq məfhumunun turizmdə tətbiqi”, “Turizm sektorunda böhran və turizmin yerli və milli səviyyədə təşkili” mövzularında məruzələr oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.