MƏDƏNİYYƏT


Frankfurtda Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın milli pavilyonunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov tədbirdə Azərbaycandakı alman məskənlərinin yaradılmasının tarixindən bəhs edib, tolerant mühitdə iki xalq arasında formalaşan mədəni əlaqələri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 2016-cı il 30 avqust tarixli Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar bir çox tədbirlər, layihələr həyata keçirilməkdədir.

Daha sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərin qorunması və təbliği baxımından bu kimi tədbirlərin önəmindən söz açıb, multikulturalizmin çoxmillətli dövlətlərdə yaşadılmasının əhəmiyyətindən danışıb. Kərim Tahirov qonaqlara qeyd edilən sərəncamla bağlı cari ildə çap olunmuş kitablar barədə də məlumat verib.

Direktor gələcəkdə Milli Kitabxananın fondunda olan arxiv materialları əsasında Almaniyada belə kitabların nəşri ilə bağlı birgə layihələrin gerçəkləşdirilməsinin vacib olduğunu bildirib.

Sonra “Şprenflingen Gensingen” İcmalar Birliyinin rəhbəri Manfred Şerer, Avropa Əməkdaşlıq Forumunun sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samira Patzer İsmailova, Mayns-Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Almaniya əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt Azərbaycan ilə Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə məlumat veriblər.

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara “İRS” jurnalının Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsi hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.