MƏDƏNİYYƏT


Frans Şubert adına Vyana Konservatoriyasına qəbul olunan ilk azərbaycanlı

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın Frans Şubert adına Vyana Konservatoriyasına daxil olaraq böyük uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən onlarla abituriyentin iştirak etdiyi qəbul imtahanlarında o, öz ifası ilə imtahan komissiyası üzvlərini valeh edib, onlar tərəfindən yüksək təhsil bazasına və istedada malik olduğu vurğulanıb.

Frans Şubert adına Vyana Konservatoriyasında 2019-cu il üçün fortepiano ixtisası üzrə ayrılan 5 yerdən 4-nə çinli, 1-nə isə azərbaycanlı tələbə qəbul olunub. A.Məmmədli bu təhsil ocağına MDB məkanı və Qafqaz regionundan qəbul olan yeganə tələbədir.

Bu münasibətlə Baş İdarənin rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüş keçirib. Onu əldə etdiyi uğura görə təbrik edib və bu konservatoriyada təhsil alacaq ilk azərbaycanlı tələbə olduğunu nəzərə alaraq dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.

Uzun illər Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinfində təhsil alan Ayan Məmmədlinin dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta 2015-ci ildə Avstriyanın Zaltsburq şəhərində V.A.Motsart adına Beynəlxalq Pianoçular Müsabiqəsində Qran-Pri mükafatına layiq görülməsi və digər nailiyyətlərinin bu uğurunda böyük rolu olub.

Ayan Məmmədli Bakı Atatürk Liseyini qırmızı diplomla bitirib, Tofiq Quliyev adına onbirillik musiqi məktəbində isə fortepiano ixtisası üzrə ilk beynəlxalq müsabiqələr laureatıdır. Məktəbin çoxsaylı tədbirləri ilə yanaşı o, dünya ölkələri ombudsmanlarının Bakı görüşünə həsr olunmuş konsert, VII Qlobal Forum və sair kimi dövlət tədbirlərində iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.