MƏDƏNİYYƏT
Fransa-Azərbaycan Dialoqu Assosiasiyası Parisdə “Assosiasiyalar Forumu” da təmsil olunacaq
Paris, 11 sentyabr, AZƏRTAC
Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu” mədəniyyət tədbiri keçiriləcək. Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) bu Forumda iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, akademik ilin başlanğıcında ənənəvi olaraq “Assosiasiyalar Forumu” mədəniyyət tədbiri sentyabrın 12-də 15-ci rayonun meriyasının qarşısında təşkil olunacaq.
Tədbirdə müxtəlif assosiasiyalar iştirak edərək, qarşıdan gələn il ərzində planlaşdırdıqları mədəniyyət proqramların təqdim edir, eləcə də müxtəlif mədəniyyətlərlə bağlı Fransa paytaxtının sakinlərini məlumatlandırırlar.
Fransada fəaliyyət göstərən ADFA bu il forumda iştirak edəcək və Azərbaycan mədəniyyəti haqqında ziyarətçilərə məlumat verəcək.
Forumda mədəniyyətimizin təşviqi istiqamətində nəşr edilmiş kitab və broşüralar vasitəsilə ziyarətçilər Azərbaycan mədəniyyəti ilə tanış olacaq, milli musiqi və rəqs nümunələrini seyr edəcək, eləcə də ADFA-nın il ərzində həyata keçirəcəyi mədəniyyət tədbirlərinin proqramını əldə edə biləcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris