MƏDƏNİYYƏT
Fransa–Azərbaycan ədəbi əlaqələri müzakirə edilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Fransanın Azərbaycandakı səfiri Zakari Qross ilə Azərbaycanda Fransa İnstitutunun direktoru Moris Rufin Dövlət Tərcümə Mərkəzində olublar.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Fransa–Azərbaycan ədəbi əlaqələri üzrə görülən işlər, nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu il fransız dilinə çevrilərək Strasburqda nəşr edilmiş “Azərbaycan ədəbiyyatı antologiyası”, kitaba dair şəhərin mərkəzi Kitab Evində keçirilmiş geniş təqdimat mərasimi, həmçinin Jan Anuy, Şarl Bodler, Pol Verlen, Andre Morua, Alber Kamü, Fransua Moriak, Artur Rembo kimi tanınmış Fransa yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə Azərbaycan dilində nəşri ilə bağlı məlumat verilib.
Daha sonra Azərbaycan ədəbiyyatının Fransada tanıdılması və yayımı, eləcə də Fransa ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi istiqamətində nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.
Görüşün sonunda səfirə Mərkəzin son nəşrlərindən olan A.Moruanın “Vəsiyyətnamə” kitabı hədiyyə edilib.