DÜNYA
Fransa İkinci Dünya müharibəsindəki qələbənin 77-ci ildönümünü qeyd edir
Paris, 8 may, AZƏRTAC
Fransa 1945-ci il mayın 8-də əldə olunmuş İkinci Dünya müharibəsindəki qələbənin 77-ci ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron əvvəlcə Yelisey Çölləri prospektində Şarl de Qolun abidəsi önünə gələrək, onun xatirəsini yad edib.
Sonra Fransa Prezidenti Respublika Qvardiyasının müşayiəti ilə Zəfər Tağına gəlib. Naməlum əsgərin məzarı önünə əklil qoyduqdan sonra əbədi məşəli yandırıb.
Dövlət Himni səsləndirilib, veteranlarla görüş keçirilib.
Tədbirdə hökumət üzvləri, seçilmiş rəsmilər və veteranlar birliklərinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, son iki ildə COVID-19 pandemiyası səbəbindən ölkədə İkinci Dünya müharibəsindəki qələbə qeyd edilmirdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris